BAKI, AzerVoice
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Serbiyanın paytaxtı Belqrada rəsmi səfər edəcək.
AzerVoice xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat verib.
Məlumata görə, səfər çərçivəsində Hakan Fidan Serbiya Prezidenti Aleksandar Vuçiç və Xarici İşlər naziri Marko Çuriçlə bir sıra mühüm görüşlər keçirəcək.
Bu səfər, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ilin oktyabr ayında Serbiyaya etdiyi səfər və Serbiya Xarici İşlər naziri Çuriçin ötən həftə Antalyada təşkil olunan Diplomatiya Forumunda iştirakı ilə formalaşan dialoqun davamı olaraq həyata keçiriləcək yüksək səviyyəli diplomatik təmaslardan biridir.
Əsas mövzular arasında Balkan bölgəsində sabitliyin qorunması və Bosniya və Herseqovinadakı son durum yer alır. Fidanın görüşlər zamanı regional həmrəyliyin gücləndirilməsi və ortaq problemlərə qarşı əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirəcəyi gözlənilir.
Səfər zamanı yalnız siyasi və iqtisadi məsələlər deyil, eyni zamanda mədəni əməkdaşlıq mövzularının da gündəmdə olacağı gözlənilir.