BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyanın rəsmi müraciəti olacağı halda Ankaranın lazımi dəstəyi göstərməyə hazır olduğunu bəyan edib.
AzerVoice xəbər verir ki, Milli Müdafiə Nazirliyində keçirilən həftəlik mətbuat brifinqindən sonra gündəmdə olan məsələlərlə bağlı jurnalistlərin sualları cavablandırılıb.
Nazirliyin açıqlamasında bildirilib ki, Türkiyə Suriyanın birliyi və ərazi bütövlüyünü əsas götürərək terror təşkilatlarına qarşı mübarizəni dəstəkləyir. Qeyd olunub ki, bu mövqe “vahid dövlət, vahid ordu” prinsipi çərçivəsində həyata keçirilir.
Açıqlamada Suriya ordusunun Hələb şəhərində başladığı antiterror əməliyyatına da toxunulub. Bildirilib ki, terror təşkilatlarının mülki əhali və təhlükəsizlik qüvvələrini hədəfə alması nəticəsində 4 nəfər həlak olub, 18 nəfər yaralanıb. Bu səbəbdən Suriya hökuməti ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə əməliyyata başlayıb.
Nazirlik vurğulayıb ki, sözügedən əməliyyatlar tam şəkildə Suriya ordusu tərəfindən həyata keçirilir və Türkiyə bölgədə baş verən prosesləri yaxından izləyir.
“Suriyanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Suriya tərəfindən rəsmi yardım tələbi daxil olduğu təqdirdə, Türkiyə lazımi dəstəyi göstərməyə hazırdır”, – deyə açıqlamada bildirilib.
