BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin milli müdafiə naziri Yaşar Güler “Türkiyə Yüzili Görüşmələri” çərçivəsində Hakkariyə səfər edib. Nazir səfər çərçivəsində şəhərdəki müəllimlər evində yerli protokol nümayəndələri ilə görüşüb.
AzerVoice xəbər verir ki, Güler çıxışında Hakkarinin Türkiyənin ən qədim və önəmli şərq sərhəd şəhərlərindən biri olduğunu bildirib.
Yaşar Güler Ərdoğanın liderliyi ilə başlanan “Terörsüz Türkiye” prosesini, 40 ildən artıq davam edən bir problemin həllinə yönəlmiş tarixi bir qardaşlıq layihəsi adlandırıb. O, Türk və Kürd xalqlarının birliyinin bölgədə qalıcı sülhün əsasını təşkil etdiyini vurğulayıb.
“Bu proseslə Türkiyə ayağındakı böyük pranganı qıraraq, istehsaldan inkişafadək bütün sahələrdə daha güclü bir səviyyəyə çatacaq,” – deyə nazir əlavə edib.
Nazir Güler qeyd edib ki, Hakkari son illərdə idman, turizm, kənd təsərrüfatı və ticarət sahələrində əhəmiyyətli irəliləyişlər əldə edib.
Çıxışının sonunda birlik və həmrəylik çağırışı edən nazir deyib: “Hədəfimiz terrorun tamamilə gündəmdən çıxdığı, Hakkarinin Türkiyənin marka şəhərlərindən birinə çevrildiyi və vətəndaşlarımızın rifah səviyyəsinin yüksəldiyi bir mühiti daimi hala gətirməkdir. Bu istiqamətdə xalqın etimadı və dəstəyi ən böyük zəmanətimizdir.”
Nazir, Hakkari valisi başda olmaqla şəhərin inkişafı üçün çalışan bütün qurum rəhbərlərinə və əməkdaşlara təşəkkür edib.