BAKI, AzerVoice
Suriya paytaxtı Dəməşqə yaxın yerləşən Sahnaya qəsəbəsində çərşənbə axşamı gecəsi başlayan silahlı toqquşmalar nəticəsində azı 16 nəfər həyatını itirib.
AzerVoice xəbər verir ki, hadisə zamanı mülki şəxslər və təhlükəsizlik qüvvələri hədəf alınıb.
Suriya Səhiyyə Nazirliyindən verilən ilkin açıqlamada 11 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilib. Sonradan ölənlərin sayının 16-ya yüksəldiyi dəqiqləşdirilib.
Eyni zamanda, Süveyda vilayətinin qərbində yerləşən əd-Dur kəndi də hücuma məruz qalıb. Naməlum istiqamətdən atılan minomyot mərmiləri mülki evlərə düşüb, həmçinin ağır silahlardan atəş açılıb. Əl-Thuələ hava limanı ətrafında yerli silahlı qrupların hərəkətə keçməsi və bölgədə şiddətli atışma müşahidə olunub.
Əs-Süveyda media mərkəzi xəbər verir ki, döyüş zonasına təcili tibbi yardım maşınlarının daxil olması və yaralıların çıxarılması ciddi çətinliklərlə üzləşib. Hazırda bölgədəki ağsaqqallar, din xadimləri və yerli liderlər gərginliyin qarşısını almaq üçün cəhd göstərirlər.
Bundan bir gün əvvəl Suriya Daxili İşlər Nazirliyi Dəməşqə yaxın Cərmana şəhərində daxili və xarici silahlı qruplar arasında baş verən qarşıdurmaların yatırılması üçün təhlükəsizlik və müdafiə qüvvələrinin birgə əməliyyat keçirdiyini açıqlayıb. Nazirlik bildirir ki, hadisələr sosial şəbəkələrdə yayılan və İslam peyğəmbəri Məhəmmədə qarşı təhqir ehtiva edən səsli mesajdan sonra baş verib.
Nazirlik ərazidə təhlükəsizlik kordonu qurulduğunu, hadisə nəticəsində ölən və yaralananlar arasında təhlükəsizlik əməkdaşlarının da olduğunu bildirib.
Digər tərəfdən, "Suriya TV" telekanalı Deyr əz-Zor vilayətinin şərqində yerləşən Əl-Bukəmal bölgəsində İraqla Suriya arasında uzanan 500 metrlik yeraltı tunelin aşkarlandığını bildirib. Tunelin əvvəllər İranın dəstəklədiyi milislərə aid qərargahla əlaqəli olduğu və ora demək olar ki, hər gün naməlum yük maşınlarının daxil olduğu qeyd olunub.