Əsas səhifə » Səudiyyə Ərəbistanı: Regionun təhlükəsizliyi Fələstin probleminin ədalətli həlli ilə mümkündür

Səudiyyə Ərəbistanı: Regionun təhlükəsizliyi Fələstin probleminin ədalətli həlli ilə mümkündür

BAKI, AzerVoice

Səudiyyə Ərəbistanının Nazirlər Şurası bildirib ki, Yaxın Şərqdə davamlı təhlükəsizlik və sabitlik üçün Fələstin məsələsinin beynəlxalq hüquq və Ərəb Sülh Təşəbbüsünə əsasən ədalətli və hərtərəfli şəkildə həlli vacibdir. Şura 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasının zəruriliyini vurğulayıb.

Ciddədə vəliəhd şahzadə Məhəmməd bin Salmanın sədrliyi ilə keçirilən iclasda, Səudiyyənin Suriya iqtisadiyyatının bərpasına yönəlik səylərinin davam etdiriləcəyi və beynəlxalq maliyyə qurumlarının bu istiqamətdə fəaliyyətlərini bərpa etməyə çağırıldığı qeyd olunub.

İclas zamanı vəliəhd şahzadənin İordaniya kralı II Abdullah və Hindistanın Baş naziri Narendra Modi ilə görüşləri barədə məlumat verilib. Səudiyyə-Hindistan Strateji Tərəfdaşlıq Şurasının ikinci iclasının nəticələri və ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı da müsbət qiymətləndirilib.

Nazirlər Şurası Səudiyyə Ərəbistanının beynəlxalq toplantılarda aktiv iştirakını və qlobal sabitliyə töhfəsini vurğulayıb. Eyni zamanda, “Səudiyyə 2030 Vizyonu”nun 93 faiz hədəfinə çatdığı və növbəti mərhələdə iqtisadi şaxələndirmə və davamlı transformasiya üzərində fokuslanacağı bildirilib.

Hökumət, statistik göstəricilər sahəsində əldə edilən irəliləyişləri və 65 illik statistik fəaliyyətin qeyd olunduğu “Səudiyyə Statistika Forumu”nun nəticələrini də yüksək qiymətləndirib. Vəliəhd şahzadənin 1 milyard riallıq sosial mənzil ianəsi də vətəndaşların rifahına verdiyi töhfə kimi qiymətləndirilib.

Nazirlər Şurası bir sıra beynəlxalq əməkdaşlıq sənədlərini təsdiqləyib, o cümlədən, İnterpolun Yaxın Şərq üzrə regional ofisinin Səudiyyədə yaradılması,Hindistan, İordaniya, Zambiya, Bəhreyn, Mərakeş, Çin, İndoneziya və Cənubi Koreya ilə müxtəlif sahələrdə anlaşmalar və Gömrük və iqtisadi əməkdaşlığa dair razılaşmalar təsdiqlənən sənədlər arasındadır.

Digər Kateqoriyalar

2025 © Azervoice