BAKI, AzerVoice
Yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək istəyən Beşiktaş klubu, sürpriz bir transfer hədəfi ilə gündəmə gəlib.
AzerVoice xəbər verir ki, qara-ağlılar İranlı təcrübəli hücumçu Mehdi Taremi ilə maraqlanır.
Hal-hazırda Inter klubunun formasını geyinən 32 yaşlı hücumçunun meneceri, futbolçusunu Türkiyə bazarına çıxarıb və bu çərçivədə Beşiktaş rəhbərliyi ilə əlaqə saxlayıb. Hələlik Beşiktaş ilə Inter arasında rəsmi danışıqların baş tutmadığı bildirilir.
Tanınmış italyan jurnalist Gianluca Di Marzio da mövzuya toxunaraq bildirib ki, Beşiktaş klubu Taremini icarəyə götürmək üçün ciddi təşəbbüsdədir. Klub rəhbərliyinin menecerin təklifinə hansı cavabı verəcəyi isə hələlik dəqiqlik qazanmamışdır.
İsrailin hava hücumlarından sonra ölkəsi İranda qalan Mehdi Taremi, Inter-in FIFA Klublar Dünya Kuboku hazırlıqlarına qatıla bilməyib. Təcrübəli futbolçunun hazırda da İranda olduğu qeyd olunub.
Mehdi Taremi geridə qalan mövsümdə Inter ilə 43 oyuna çıxıb, 3 qol və 9 assistlə yadda qalıb. O, ümumilikdə 1.887 dəqiqə meydanda olub.