BAKI, AzerVoice
İngiltərənin Çelsi klubu UEFA Konfrans Liqasının finalında İspaniyanın Real Betis komandasını 4:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
AzerVoice xəbər verir ki, final qarşılaşması Polşanın Vroçlav şəhərində yerləşən stadionda keçirilib.
Oyunun 9-cu dəqiqəsində Real Betis hesabı açıb. Çelsi müdafiəsinin səhvindən istifadə edən İsko topu qaparaq cərimə meydançasının önünə qədər irəliləyib və soldan hücuma qoşulan Ezzalzoulini ötürmə ilə təmin edib.
Lakin sonrakı dəqiqələrdə Çelsi oyunun təşəbbüsünü ələ alaraq 4 cavabsız qolla qələbə qazanıb və tarixi bir uğura imza atıb.
Mükafatlandırma mərasimində ilk olaraq hakim heyəti – o cümlədən dördüncü hakim Halil Umut Meler və ehtiyat köməkçi hakim Kerem Ersoy – medal alıb. Ardınca Real Betis futbolçularına Çelsi oyunçularının alqışları ilə ikinci yer medalları təqdim olunub.
Sonda səhnəyə çıxan Çelsi komandasının baş məşqçisi Enzo Mareska və oyunçuları UEFA prezidenti Aleksander Çeferinin əlindən çempionluq medalları alıblar. Kapitan Riss Ceyms və komanda yoldaşları UEFA Konfrans Liqasının kubokunu başları üzərinə qaldıraraq böyük sevinc yaşayıblar.