BAKI, AzerVoice
İngiltərənin Arsenal klubu Portuqaliyanın Sportinq komandasında çıxış edən isveçli hücumçu Viktor Gyokeres üçün 70 milyon avro dəyərində rəsmi təklif təqdim edib.
AzerVoice xəbər verir ki, Arsenal rəhbərliyindən bəzi nümayəndələr keçən həftə Lissabonda keçirilən Arsenal qadın komandasının Barselona üzərindəki Çempionlar Liqası qələbəsini izləməyə gediblər.
Oyundan sonra isə futbolçunun agenti Hasan Çetinkaya ilə görüş keçirilib.
Mənbəyə əsasən, təqdim olunan təklifin əsas hissəsi 70 milyon avro təşkil edir, əlavə olaraq bonus ödənişləri də nəzərdə tutulur. Əgər Gyokeres transferə razılıq versə, 12 milyon avro imza bonusu alacaq və illik 7 milyon avro maaş əldə edəcək.
Gyokeresin agenti yaxın günlərdə bu təklifi Sportinq klubunun prezidenti Frederiko Varandasa təqdim edəcək.
Gyokeresə Almaniyanın Bavariya və İngiltərənin Mançester Yunayted klubları da maraq göstərirlər. Lakin hazırda Arsenal futbolçunun transferi üçün favorit klub hesab olunur.
Komandanın baş məşqçisi Mikel Arteta yay transfer dönəmində doğru transfer strategiyasının qurulmasının vacibliyini vurğulayıb. O, növbəti mövsüm üçün uğur planının üzərində texniki heyəti ilə birlikdə işlədiyini bildirib.