BAKI, AzerVoice
Madrid "Real"ının Fransalı hücumçusu Kilian Mbappe, ilk mövsümdə Avropanın aparıcı liqalarının ən yaxşı qolçusuna verilən “Qızıl buts” mükafatına layiq görülüb.
AzerVoice-un məlumatına görə, Mbappe bu mövsüm İspaniya La Liqasında 31 qol vuraraq 62 xal toplayıb və siyahının lideri olub. Onu ötə biləcək yeganə namizəd, İngiltərə Premyer Liqasının son turunda “Kristal Pelas”a qarşı keçirilən oyunda dörd qol vurmalı olan “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah idi. Lakin Salah yalnız bir dəfə fərqlənib və mövsümü 29 qolla (58 xal) başa vurub. O, “Qızıl buts” sıralamasında üçüncü yeri tutub.
İkinci yeri isə Portuqaliya çempionatında 39 qol vuran “Sportinq”in isveçli hücumçusu Viktor Gyökeres qazanıb. Portuqaliya liqasında hər qola 1,5 xal verildiyindən, Gyökeres 58,5 xalla Salahı qabaqlayıb.
Qeyd edək ki, 26 yaşlı Mbappe bu mükafatı ilk dəfə qazanır. O, ötən ilin yayında “PSJ”dən ayrılaraq azad agent kimi “Real”a keçmişdi. Mbappe bu mükafata sonuncu dəfə 2015-ci ildə, Kriştiano Ronaldunun dövründə layiq görülmüşdü.
Məlumat üçün bildirək ki, “Qızıl buts” mükafatı 1968-ci ildən etibarən təqdim olunur. Bu mükafatı ən çox qazanan futbolçu altı dəfə qalib gələn argentinalı Lionel Messidir. Onu dörd dəfə qalib gəlmiş Kriştiano Ronaldo izləyir. Digər futbolçular bu mükafata maksimum iki dəfə sahib olublar. Ötən il “Bavariya”nın ingilis hücumçusu Harri Keyn 36 qolla “Qızıl buts”un sahibi olmuşdu.