BAKI, AzerVoice
Beynəlxalq Futbol Federasiyası (FIFA) və beynəlxalq futbolçular həmkarlar ittifaqlarının nümayəndələri oyunçular üçün məcburi istirahət fasilələrinin tətbiqi zərurəti barədə razılığa gəliblər.
AzerVoice xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
FIFA prezidenti Canni İnfantino ilə beynəlxalq həmkarlar ittifaqları nümayəndələrinin görüşü Klublararası Dünya Çempionatının finalı ərəfəsində Nyu-Yorkda baş tutub. Tərəflər oyunlar arasında minimum 72 saatlıq fasilənin və hər mövsümün sonunda 21 günlük istirahətin vacibliyi məsələsində razılığa gəliblər.
“Ümumi fikir odur ki, oyunlar arasında azı 72 saatlıq istirahət olmalı, oyunçuların isə hər mövsümün sonunda minimum 21 gün istirahət və ya məzuniyyət hüququ təmin edilməlidir. Bu dövr hər bir klub və oyunçu üçün oyun təqviminə və mövcud kollektiv müqavilələrə əsasən fərdi şəkildə tənzimlənməlidir. Turnirlərə gəldikdə isə, FIFA və futbolçuların həmkarlar ittifaqları milli komandalar və klub futbolu arasında, eyni zamanda daxili, qitə və beynəlxalq klub yarışları arasında balansın qorunmasının vacibliyində həmfikirdirlər. Dünyanın hər yerindən oyunçuların böyük turnirlərdə iştirak imkanına malik olmaları qlobal futbolun inkişafını stimullaşdırır. Bundan əlavə, ən yüksək beynəlxalq səviyyədə çıxış etməyən futbolçular üçün də oyun imkanlarının artırılması prioritet sayılıb” – deyə, açıqlamada qeyd olunub.
Ötən ilin iyun ayında Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası (FIFPro) və İngiltərə ilə Fransanın oyunçular həmkarlar ittifaqları FIFA-ya qarşı iddia qaldıraraq qurumu futbolçuların həddindən artıq yüklənməsində ittiham etmişdilər. İddianın səbəbi Klublararası Dünya Çempionatında iştirakçı komandaların sayının 32-yə qədər artırılması olub.