Əsas səhifə » Çində 19 uşaq qurğuşundan zəhərlənib

Çində 19 uşaq qurğuşundan zəhərlənib

BAKI, AzerVoice

Çinin Qansu vilayətindəki özəl uşaq bağçalarından birində azı 19 uşaq qurğuşundan zəhərlənib. Hadisənin qida əlavələrindən qaynaqlandığı ehtimal olunur.

AzerVoice xəbər verir ki, bu barədə “Shanghai Zhebao” nəşri məlumat yayıb.

Bildirilib ki, bağçanın direktoru artıq cinayət məsuliyyətinə cəlb olunub.

Hadisə nəticəsində zəhərlənən 19 uşaq xəstəxanaya yerləşdirilib. Tibb sənədlərinə əsasən, bəzi uşaqlarda qanındakı qurğuşun səviyyəsi 400 mikroqram/litrə çatıb. Bu isə xəstəxanaya yerləşdirmə üçün müəyyən edilmiş 250 mikroqram/litr həddini xeyli üstələyir. Valideynlərin sözlərinə görə, uşaqlarda bir neçə ay ərzində ürəkbulanma, ishal, qarın spazmı və ayaqlarda ağrı kimi simptomlar müşahidə olunub.

Hadisənin səbəbini müəyyən etmək üçün yerli hakimiyyət orqanları xüsusi işçi qrupu yaradıb. Lakin istifadə olunan qida əlavəsi barədə rəsmi məlumat hələ açıqlanmayıb.

Qeyd edək ki, Çində son onilliklərdə uşaqların zəhərlənməsi ilə bağlı bir sıra qalmaqallı hadisələr baş verib. Onlardan ən böyüyü 2008-ci ildəki “melaminli süd” hadisəsi olub. Həmin vaxt bəzi süd istehsalçıları məhsullarına süni şəkildə zülal miqdarını artırmaq məqsədilə melamin adlı kimyəvi maddə əlavə etmişdi. Rəsmi məlumatlara görə, bu hadisədən 300 mindən çox uşaq zərər çəkmiş, altı uşaq isə böyrək çatışmazlığından vəfat etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice