Əsas səhifə » İnter Çempionlar Liqasının ilk finalçısı olub

İnter Çempionlar Liqasının ilk finalçısı olub

BAKI,AzerVoice

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində İspaniya təmsilçisi Barselonanı qəbul edən İtaliyanın İnter komandası rəqibini əlavə vaxtda 4-3 hesabı ilə məğlub edərək finala yüksəldi.

AzerVoice xəbər verir ki, Avropa futbolunun klub səviyyəsində ən nüfuzlu turniri olan UEFA Çempionlar Liqasının yarımfinal cavab görüşü İnterin ev sahibi olduğu "Cüzeppe Meazza" stadionunda keçirildi.

Polşalı hakim Şimon Marçinyakın idarə etdiyi oyunda İnter 21-ci dəqiqədə Lautaro Martinesin vurduğu qolla hesabı açdı .

44-cü dəqiqədə Barselonanın oyunçusu Pau Kubarsinin Martinesə qarşı etdiyi müdaxilədən sonra VAR-ın tövsiyəsi ilə epizodu izləyən hakim penalti qərarı verdi.

45+1-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini yerinə yetirən Hakan Çalhanoğlu topu qapıdan keçirərək ilk yarının hesabını müəyyənləşdirib.

İkinci hissədə təzyiqini artıran Barselona 54-cü dəqiqədə Erik Qarsiyanın, 60-cı dəqiqədə isə Dani Olmonun baş zərbəsi ilə vurduğu qollarla hesabı 2:2 etdi.

87-ci dəqiqədə Rafinyanın vurduğu qolla Barselona üstünlüyü ələ aldı.

Lakin 90+3-cü dəqiqədə Françesko Açerbinin vurduğu qolla hesabı 3:3-ə gətirərək oyunu əlavə vaxta daşıdı.

Əlavə vaxtın ilk hissəsində səhnəyə çıxan Davide Frattesi 99-cu dəqiqədə vurduğu qolla İnteri 4:3 önə keçirdi.

Finalda İnter, PSJ və Arsenal cütlüyünün qalibi ilə qarşılaşacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice