Əsas səhifə » "Bavariya" 34-cü dəfə Almaniya Çempionatının qalibi oldu

"Bavariya" 34-cü dəfə Almaniya Çempionatının qalibi oldu

BAKI, AzerVoice

Almaniyanın "Bayern" Münhen komandası 2024-2025 mövsümündə Almaniya çempionluğunu vaxtından əvvəl təmin edib.

AzerVoice xəbər verir ki, bugün keçirilən 32-ci turun oyununda turnir cədvəlində ikinci yerdə qərarlaşan "Bayer" Leverkuzen səfərdə "Frayburq"la 2:2 hesablı bərabərlik əldə edib və "Bavariya"nı keçə bilməyib. Hazırda turnirin bitməsinə iki tur qalmış "Bavariya"nın 76, "Bayer" Leverkuzenin isə 68 xalı var.

Bu, "Bavariya"nın tarixində 34-cü Almaniya çempionluğudur və bu göstərici ilə klub turnirin rekordçusudur. İkinci yerdə 9 çempionluqla "Nürnberq", üçüncü yerdə isə 8 çempionluqla Dortmund "Borussiya"sı qərarlaşıb. Ötən mövsüm isə ilk dəfə "Bayer" Leverkuzen çempion olmuşdu.

"Bavariya"nın ingilis hücumçusu Harri Keyn karyerasındakı ilk rəsmi kuboku qazandı. 2023-cü ildə "Bavariya"ya transfer olunan futbolçu daha əvvəl "Tottenhem", "Milluoll", "Norviç" və "Lester"də oynamışdı. Hazırkı mövsümdə Keyn bütün turnirlərdə 44 oyunda 36 qol vurub və 12 məhsuldar ötürmə edib. O, Bundesliqanın ən məhsuldar oyunçusudur (24 qolla).

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller isə 13-cü dəfə Almaniya çempionu olaraq bu sahədə rekordunu yenilədi. Klubun yetirməsi olan Müller əsas komandada 2008-ci ildən çıxış edir. O, həmçinin altı dəfə Almaniya Kubokunu, səkkiz dəfə Superkuboku, iki dəfə Çempionlar Liqasını, Klublararası Dünya Çempionatını və UEFA Superkubokunu qazanıb. Aprelin 5-də tarixində isə Müller cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice