BAKI, AzerVoice
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi fermer təsərrüfatlarının maliyyə risklərindən qorunmasında mühüm rol oynamağa davam edir.
AzerVoice Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, Fond Şəmkir və Samux rayonlarında arpa, şaftalı və nektarin sahələrinə dəymiş zərərlər üzrə fermerlərə növbəti sığorta ödənişlərini həyata keçirib. Ödənişlər vəhşi heyvanların hücumu, dolu və şaxtavurma kimi təbii risklər nəticəsində baş vermiş zərərləri əhatə edib.
Samux rayonunun Füzuli kənd sakini Asif Qurbanov 44 hektar arpa sahəsini çoxsaylı risklərdən sığortalayıb və bunun üçün 557 manat sığorta haqqı ödəyib. May ayında ceyran sürüsünün əkin sahəsinə daxil olması nəticəsində yaranmış zərərə görə fermerə 2 303 manat məbləğində sığorta ödənişi edilib.
Şəmkir rayonunun Varlı Həyat kəndində fəaliyyət göstərən fermer Nəsir Yusifov 23 hektar arpa sahəsinə görə dolu hadisəsi nəticəsində 12 302 manat, həmin kəndin digər sakini Eldəniz Yusifov isə 10,6 hektar arpa sahəsinə dəyən zərərə görə 5 313 manat sığorta ödənişi alıb.
Şəmkir rayonunun Keçili kəndindən olan fermer Nemət Məmmədov isə 2,75 hektar nektarin bağını sığortalayıb. Şaxtavurma nəticəsində bağa dəyən zərər Aqrar Sığorta Fondu tərəfindən qiymətləndirilib və fermerə 13 710 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Fermerlərə ödənişlərin təqdimatı zamanı Aqrar Sığorta Fondunun Şəmkir regional filialının rəhbəri Valeh Əsədov və Goranboy regional filialının rəhbəri Tofiq Əsgərov bildiriblər ki, dövlət dəstəkli aqrar sığorta mexanizmi fermerlərin maliyyə dayanıqlığının qorunmasında əsas alətlərdən biridir. Qeyd olunub ki, sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənildiyindən, fermerlər az məbləğ ödəməklə geniş risk paketindən yararlana bilirlər.
Aqrar Sığorta Fondunun nümayəndələri fermerləri bu mexanizmdən aktiv istifadə etməyə və təsərrüfatlarını güzəştli şərtlərlə sığortalamağa çağırıblar.