BAKI, AzerVoice, Nailə Babazadə
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Pakistan Hökumətinin üzvlərinin də iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətini qəbul etdi.
AzerVoice xəbər verir ki, qəbul zamanı Baş nazir Pakistandakı ilk ASAN Xidmət mərkəzinin yaradılmasında göstərilən dəstəyə görə bir daha Azərbaycan Respublikası Prezidentinə səmimi təşəkkürlərini və minnətdarlığını bildirdi.
Baş nazir qısa müddət ərzində paytaxt İslamabadda və Pakistanın bir sıra əyalətlərində “ASAN xidmət” mərkəzlərinin yaradılacağını qeyd etdi. Həmçinin “Pakistan ASAN xidmət” mərkəzinin fəaliyyətini mütəmadi olaraq nəzarətdə saxlayacağını bildirdi və bununla əlaqədar hökumət üzvlərinə tapşırıqlarını verdi.
Görüş zamanı Pakistandan Azərbaycana turist axınının artmasında Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında yaradılmış “ASAN Viza”nın rolu xüsusi olaraq vurğulandı. Pakistan Baş naziri ölkəmizin “ASAN Viza” təcrübəsindən də faydalanmaq istədiklərini diqqətə çatdırdı.
Görüşdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak etdi.