BAKI, AzerVoice, Nailə Babazadə
İranın Pakistanla sərhədində ölkə ərazisinə daxil olmağa çalışan silahlı qrupla sərhəd mühafizəçiləri arasında toqquşma baş verib.
AzerVoice xəbər verir ki, Sistan və Bəluçistan Sərhəd Mühafizəçiləri Komandanı Rza Şəcai hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, Sistan və Bəluçistan əyalətinin Səravan şəhəri yaxınlığında İran–Pakistan sərhəd xəttində sərhədçilərlə “İran ərazisinə girməyə cəhd edən terrorçular” arasında silahlı qarşıdurma yaşanıb.
Şəcai toqquşma zamanı silahlı qrupun ağır itkilər verdiyini, qaçan şəxslərin isə hadisə yerində çoxlu sayda silah və sursat qoyub getdiyini qeyd edib.
Onun sözlərinə görə, ərazidə aparılan axtarış zamanı 4 ədəd kalaşnikov avtomatı, 1 tapança, 10 ədəd SPG-9 mərmisi, 2 əl qumbarası, 3 ədəd RPG-7 mərmisi, 240 ədəd doşka mərmisi, 20 snayper gülləsi, 232 ədəd “Qrenov” pulemyot mərmisi, 132 ədəd kalaşnikov patronu, 10 kalaşnikov darağı və 1 tapança darağı ələ keçirilib.
Qeyd edək ki, İran tərəfindən terror təşkilatı kimi tanınan “Ceyşül-Ədl” qruplaşması ölkədəki “sünni bəlucların hüquqlarını müdafiə etdiyini” iddia edərək, xüsusilə İranın cənub-şərq bölgələrində Tehran hakimiyyətinə qarşı silahlı fəaliyyət göstərir.
