BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) tərəfindən hazırlanan və istehsal edilən tam elektrikli zirehli personal daşıyıcısı E-ZPT-nin bütün kalifikasiya testləri tamamlanıb.
AzerVoice xəbər verir ki, M113 seriyalı zirehli vasitələrin modernləşdirilməsi ilə ərsəyə gələn E-ZPT 376 gün davam edən aramsız sınaqlardan sonra istifadəyə tam hazır vəziyyətə gətirilib. Layihə rəhbəri Halil Çelik bildirib ki, vasitə 3 min kilometrlik dözümlülük yürüşü, 60 dərəcəlik dik eniş-yoxuş və mənfi 32-dən müsbət 49 dərəcəyədək temperatur sınaqlarını uğurla başa vurub. Yeni nəsil texnologiyalarla təchiz edilən E-ZPT 0-dan 50 kilometr/saat sürəti cəmi 8 saniyəyə yığmaq qabiliyyətinə malikdir.
E-ZPT-nin ən mühüm xüsusiyyətlərindən biri onun hibrid enerji sistemidir. Vasitə yalnız batareyalarla 150 kilometr məsafə qət edə bildiyi halda, daxili generator dəstəyi ilə bu məsafə 650 kilometrə qədər artır. Tamamilə elektrikli mühərriklə çalışdığı üçün vasitə döyüş meydanında daha az səs və istilik izi buraxır ki, bu da onu düşmən radarları üçün daha çətin hədəfə çevirir. 15 ton ağırlığında olan zirehli daşıyıcı 7 personal daşıma imkanına və 12,7 millimetrlik uzaqdan idarə olunan silah sisteminə (UKS) sahibdir.
Modernizasiya çərçivəsində vasitənin yalnız gövdəsi saxlanılıb, asqı sistemi, yürüş mexanizmləri və bütün rəqəmsal idarəetmə sistemləri tamamilə yenilənib. Sürətli şarj texnologiyası sayəsində vasitənin enerjisi 1,5 saat ərzində 20 faizdən 80 faizədək bərpa oluna bilir. Quru Qoşunları Komandanlığının inventarına daxil edilməsi planlaşdırılan E-ZPT-nin həm də uzaqdan idarəetmə variantının olduğu qeyd edilir.