BAKI, AzerVoice
Türkiyəli tələbələr üçün Bakıda il Sonu Məzuniyyət və Tələbə Görüşü keçirilib.
AzerVoice xəbər verir ki, Azərbaycan Universitetlər Türkiyə Cümhuriyyəti Tələbələr Birliyinin (AZTÜRKBİR) təşkilatçılığı ilə 17 iyun 2025-ci il tarixində Bakının nüfuzlu məkanlarından biri olan JW Marriott Absheron Hoteldə İl Sonu Məzuniyyət və Tələbə Görüşü Proqramı keçirilib.
Proqramda Azərbaycanda ali təhsil alan türkiyəli tələbələr məzuniyyət sevincini birlikdə bölüşərək, eyni zamanda iki qardaş ölkə – Türkiyə və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri bir daha vurğulanıb. Tədbir zamanı məzun olan tələbələrə plaket və təşəkkürnamələr təqdim edilib.
Tədbirdə iştirak edən bir çox yüksək səviyyəli qonaqlar arasında AZTÜRKBİR və Gənc MÜSİAD Azərbaycan prezidenti Akif Başoğlu və rəhbərliyi, Türkiyə Respublikasının Bakıdakı səfirliyinin nümayəndələri, Türkiyə Gənclər və İdman Nazirinin baş köməkçisi, MÜSİAD Azərbaycan prezidenti Rəşad Cabirli və İdarə Heyəti, universitet rəhbərləri, vətəndaş cəmiyyəti və biznes sektorunun təmsilçiləri, eləcə də türk və azərbaycanlı tələbələr yer alır.
Qeyd edək ki, AZTÜRKBİR 2021-ci ildə MÜSİAD Azərbaycanın dəstəyi və Türkiyə Cümhuriyyəti Bakı Təhsil Müşavirliyinin nəzarəti altında, Türkiyədən olan tələbə liderlərinin təşəbbüsü ilə yaradılıb. Birlik, tələbələr arasında həmrəylik ruhunun möhkəmlənməsinə, qarşılaşılan problemlərin həllinə və məzunların vətəninə töhfə verə biləcək bir şəxsiyyət kimi formalaşmasına dəstək göstərməyi əsas hədəf sayır.
Tədbir MÜSİAD Azərbaycan ictimai birliyi və Türkiyə Cümhuriyyətinin Bakı səfirliyinin təhsil müşavirliyinin tərəfdaşlığı ilə, eyni zamanda Türkiyənin Aydın Universitetinin və 6 şirkətin sponsorluğu ilə keçirilib.














