BAKI,
AzerVoice
Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel, Əmək və
Sosial Müdafiə naziri Sadık Gardiyanoğlu və Şimali Kipr Türk
Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner,
MÜSİAD Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib.
AzerVoice xəbər verir ki, Görüşdə
MÜSİAD Azərbaycan İdarə Heyətinin birinci müavini Hüseyin Yapar,
MÜSİAD Azərbaycan üzvü Azər Göyüşov və Gənc MÜSİAD Azərbaycan İdarə
Heyətinin sədri Akif Başoğlu iştirak ediblər.
Tərəflər arasında keçirilən görüş zamanı iki qurum arasında
əməkdaşlıq təşəbbüsləri, eləcə də Azərbaycan və Şimali Kipr
arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə
olunub. Bu kontekstdə, Azərbaycan və Şimali Kipr MÜSİAD şöbələri
arasında işbirliyinin dərinləşdirilməsi, qarşılıqlı səfərlərin
təşkili və B2B (şirkətlərarası) görüşlərin artırılmasının
əhəmiyyəti xüsusi vurğulanıb.
MÜSİAD Azərbaycan nümayəndə heyəti, həmçinin İctimai Birliyin
uzunmüddətli hədəfləri çərçivəsində, Türk Dövlətləri Təşkilatının
üzv və müşahidəçi ölkələrində fəaliyyət göstərən MÜSİAD şöbələri
ilə birgə layihələrin həyata keçirilməsi istiqamətində planlarından
bəhs edib. Görüşdə, eyni zamanda Azərbaycanlı tələbələrin Şimali
Kipr universitetlərində təhsilə təşviqi və təhsil sahəsində
əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə mövzusu
olub.





