Bakı. AzerVoice
Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəsi Tamerlan Tağıyev MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib.
Görüşdə MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyəti sədrinin birinci müavini Hüseyin Yapar, MÜSİAD Azərbaycan üzvü və Modern Media Qrupun rəhbəri Elşad Eyvazlı, həmçinin Gənc MÜSİAD Azərbaycan sədri Akif Başoğlu iştirak ediblər.
Görüşdə “bir millət, iki dövlət” ruhu ilə Azərbaycan–Türkiyə qardaşlığının iqtisadi müstəvidə daha da gücləndirilməsi, investisiya və ticarət həcminin artırılması, işgüzar əlaqələrin təşviqi və qarşıdakı əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin, Azərbaycanda türkiyəli iş adamlarının, eləcə də Türkiyədə azərbaycanlı sahibkarların fəaliyyəti və bu əməkdaşlığın daha da intensivləşdirilməsi məsələləri diqqət mərkəzində olub.
Ticarət nümayəndəsi Tamerlan Tağıyev Azərbaycanda bütün sektorların iş adamlarına açıq olduğunu, sahibkarlıq üçün münbit şərait yaradıldığını vurğulayıb. O, dövlətin də türkiyəli iş adamlarının ölkəmizdə daha geniş təmsil olunmasında maraqlı olduğunu qeyd edib.
MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli isə qurum olaraq Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olan türkiyəli şirkətlərə və investorlarına hər zaman dəstək göstərdiklərini, bunun onlar üçün prioritet istiqamət olduğunu bildirib.
İdarə Heyəti sədrinin birinci müavini Hüseyin Yapar çıxışında Azərbaycanda iş adamları üçün yaradılmış əlverişli mühitin bəzən kölgə salmaq cəhdləri ilə üzləşdiyini qeyd edib.
Görüş zamanı həmçinin bu halların qarşısını almaq və ölkədəki real biznes şəraitini daha dolğun əks etdirmək üçün Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamlarının uğurlu həyat hekayələrinin hər iki ölkənin ictimaiyyətinə daha geniş şəkildə təqdim edilməsinin vacibliyi vurğulanıb.
Bu istiqamətdə, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi, MÜSİAD Azərbaycan və Modern Media Groupun birgə yeni layihəyə start verəcəyi barədə razılıq əldə olunub. Hazırlanacaq materialların Türkiyə mediasında geniş işıqlandırılacağı bildirilib.