BAKI,
AzerVoice
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərdə rəsmi
səfərdədir.
AzerVoice xəbər verir ki , o, Qətər
Əmiri Şeyx Təmim bin Həməd Al Tani və digər yüksək səviyyəli
rəsmilərlə görüşlər keçirib.
Qətər Əmirliyinin verdiyi məlumata görə, Dohadakı Lusail sarayında baş tutan görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Xüsusilə enerji və investisiya sahələrində əməkdaşlığın daha da gücləndirilməsi əsas mövzulardan biri olub. Görüşdə həmçinin regional və beynəlxalq hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani də iştirak edib.
Bundan əlavə, Qətər və Rusiya xarici işlər nazirləri arasında ayrıca görüş keçirilib. Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Sergey Lavrov və Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ikitərəfli münasibətləri və texnologiya sahəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.
Tərəflər eyni zamanda Rusiya-Ukrayna müharibəsi, Qəzza zolağındakı vəziyyət və Fələstin ərazilərindəki son hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar. Qətər, Rusiya-Ukrayna böhranının diplomatik yolla həll olunmasına dəstəyini bir daha ifadə edib.
Söhbət zamanı Qətərin Qəzzada atəşkəs razılaşmasının əldə olunmasına yönəlmiş vasitəçilik səylərinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Suriya və Livandakı son vəziyyət də müzakirə edilən mövzular arasında olub.