BAKI, AzerVoice
Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq genişlənir.
AzerVoice xəbər verir ki, Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye naziri Jaslan Madiyev bildirib ki, tərəflər ümumi dəyəri 250 milyon dolları aşan bir sıra texnoloji layihələr üzrə razılıq əldə ediblər.
Madiyevin sözlərinə görə, ilk addım Qazaxıstanda regionun ilk NVIDIA çipləri əsasında çalışan superkompüter klasterinin qurulması olacaq. Bu texnologiya süni intellekt modellərinin öyrədilməsi üçün istifadə olunacaq və startaplar, universitetlər və dövlət qurumları üçün mühüm alətə çevriləcək.
“Bu, ölkədə süni intellekt sektorunun inkişafı üçün əsas infrastrukturu təmin edəcək” – deyə Madiyev vurğulayıb.
Layihədən bank sektoru, biznes qurumları və telekommunikasiya şirkətləri də faydalanacaq.
Əməkdaşlığın ikinci istiqaməti Astanada Smart City Astana layihəsini dəstəkləyəcək data-mərkəzin (TR-3 səviyyəsində) tikintisidir. 70 server rack və 3 meqavat gücə malik bu mərkəzin inşasının 2025-ci ildə başlanması nəzərdə tutulur.
Tərəflər həmçinin bu il Alem AI Beynəlxalq Süni İntellekt Mərkəzində situasiya mərkəzinin açılmasına da razılaşıblar. Bu mərkəz vasitəsilə dövlət, biznes və elmi dairələr arasında əməkdaşlıq qurulacaq və süni intellektin iqtisadi sahələrə inteqrasiyası həyata keçiriləcək.
Qeyd edək ki, bu razılaşmalar Əbu-Dabinin vəliəhdi şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nahyanın Astanaya rəsmi səfəri çərçivəsində reallaşır. Səfər zamanı vəliəhd şahzadə ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında siyasi, iqtisadi və investisiya sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.