BAKI, AzerVoice, Nailə Babazadə
İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın “İranda etirazçılara qarşı güc tətbiq olunacağı təqdirdə ABŞ-ın müdaxilə edəcəyi” ilə bağlı açıqlamasına sərt reaksiya verib. Nazirlik bildirib ki, İran istənilən hücuma sürətli və genişmiqyaslı cavab verəcək.
AzerVoice xəbər verir ki, İran Xarici İşlər Nazirliyi yaydığı yazılı bəyanatda Trampın İrana dair açıqlamalarını qınayıb. Bəyanatda ABŞ-ın İrana yönəlmiş təhdidlərinin İsrailin bölgədə gərginliyi artırmaq siyasətinin tərkib hissəsi olduğu vurğulanıb.
Nazirlik Trampın açıqlamalarının beynəlxalq hüquqa zidd olduğunu bildirərək, bu mövqenin İran xalqına qarşı zorakılığı təşviq etdiyini qeyd edib. Açıqlamada “İran hər cür hücuma cavab verəcək. Belə bir vəziyyət bölgədə sabitliyi daha da pozacaq və bütün bunun məsuliyyəti ABŞ-ın üzərində olacaq” ifadələrinə yer verilib.
İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf da Trampın açıqlamalarına münasibət bildirərək, kəşfiyyat xidmətlərinin qanuni etirazları zorakılığa çevirmək cəhdlərinin uğursuz olduğunu deyib. Qalibaf əlavə edib ki, mümkün hər hansı “macərapərəst addım” halında bölgədəki bütün ABŞ obyektləri İran üçün legitim hədəf sayılacaq.
Qeyd edək ki, İranda 28 dekabr 2025-ci ildə milli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itirməsi və iqtisadi çətinliklər səbəbilə Tehran Qapalı Bazarında başlayan etiraz aksiyaları qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb.
Prezident Məsud Pezeşkian etirazlardan sonra verdiyi açıqlamada xalqın narazılığını qəbul etdiklərini, mövcud iqtisadi problemlərə görə hökumətin məsuliyyət daşıdığını bildirib və rəsmiləri xarici qüvvələri ittiham etməkdən çəkinməyə çağırıb.
Etirazlar zamanı Luristan vilayətinin Kuhdeşt rayonunda 21 yaşlı bir “Bəsic” üzvü həlak olub, 13 polis əməkdaşı yaralanıb. Lordiqan rayonunda keçirilən aksiyalarda 2 nəfərin, Azna şəhərində isə polis bölməsinə edilən hücum zamanı 3 nəfərin həyatını itirdiyi bildirilib.
