BAKI, AzerVoice, Nailə Babazadə
Almaniya Federal Məclisi (Bundestaq) Alman Silahlı Qüvvələrinin modernləşdirilməsi çərçivəsində təxminən 50 milyard avro dəyərində hərbi texnika və silah alışına dair müqavilələri təsdiqləyib.
AzerVoice xəbər verir ki, Bundestaqın Büdcə Komissiyası ordunun modernizasiyasına yönəlmiş 30 layihə üzrə hərbi texnika və silah tədarükünə yaşıl işıq yandırıb. Təsdiqlənən layihələr arasında Alman əsgərləri üçün geyim və qoruyucu avadanlıqların alınmasını nəzərdə tutan 21 milyard avroluq sifariş də yer alır.
Bununla yanaşı, 4 milyard avro dəyərində 200 ədəd “Puma” zirehli döyüş maşınının alınması, eləcə də “Arrow 3” hava və raketdən müdafiə sistemi üçün raketlərin tədarükü ilə bağlı müqavilələr də paketə daxildir.
Bundestaqın qərarı ilə Almaniyanın aparıcı silah istehsalçısı Rheinmetall də böyük sifariş əldə edəcək. Şirkət peyk əsaslı “Spock” kod adlı sistem üçün milyardlarla avroluq müqavilə imzalayacaq. Bu sistem üzrə ilkin müqavilənin həcmi təxminən 1,76 milyard avro təşkil edir.
Alman hökuməti bildirib ki, bu iri həcmli investisiyalar Rusiyanın yaratdığı təhlükələr fonunda Alman Silahlı Qüvvələrinin modernləşdirilməsi məqsədilə həyata keçirilir.
