BAKI, AzerVoice, Nailə Babazadə
HƏMAS Siyasi Bürosu sədrinin media müşaviri Tahir ən-Nunu bildirib ki, İsrail nümayəndə heyəti ilə aparılan dolayı danışıqlar zamanı atəşkəs və girov mübadiləsi razılaşması prosesində müsbət irəliləyişlər müşahidə olunur.
AzerVoice xəbər verir ki, Nunu açıqlamasında qeyd edib ki, Misirin Şarm əl-Şeyx şəhərində davam edən danışıqlarda HƏMAS nümayəndə heyəti “lazımi məsuliyyət və konstruktiv mövqe nümayiş etdirərək, razılaşmanın yekunlaşdırılması istiqamətində irəliləyiş əldə etmək üçün səylər göstərir.”
Açıqlamada həmçinin vasitəçilərin atəşkəsin həyata keçirilməsinə mane olan bütün əngəllərin aradan qaldırılması üçün intensiv səylər göstərdiyi və bütün tərəflər arasında nikbin bir atmosferin hökm sürdüyü vurğulanıb.
Danışıqlarda hücumların tamamilə dayandırılması, İsrail qüvvələrinin Qəzzadan çıxarılması və girov mübadiləsinin həyata keçirilməsi mexanizmləri üzərində dayanıldığı bildirilib.
“Razılaşdırılmış meyarlar və saylara əsasən azad ediləcək girovların siyahıları qarşılıqlı şəkildə müzakirə olunub.” - deyə Nunu əlavə edib.
Açıqlamaya görə, bütün tərəflərin və vasitəçilərin iştirakı ilə dolayı danışıqlar bu gün də davam edir.