BAKI, AzerVoice
İranın xarici işlər naziri Abbas Ərakçi deyib ki, ABŞ danışıqlardan əvvəl 12 günlük müharibədə İrana verdiyi itkiləri kompensasiya etməlidir.
AzerVoice xəbər verir ki, Ərakçi qərb mətbuatına verdiyi açıqlamada nüvə müzakirələrindən danışıb.
Ərakçi Tehran rəhbərliyinin mövqeyini sərtləşdirdiyini və Tramp administrasiyası ilə danışıqların bərpası üçün yeni şərtlər irəli sürdüyünü qeyd edib.
Danışıqların ortasında İrana hücum etdiklərinə diqqət çəkən Ərakçi, "Bu hücumun gələcəkdə təkrar olunmayacağına zəmanət verməlidirlər. Onlardan real etimad yaradan addımlar gözləyirik", - deyə qeyd edib.
Ərakçi, Trampın İrandan sıfır zənginləşdirmə tələb etdiyi müddətcə heç bir razılaşmanın olmayacağını vurğulayaraq, "Hal-hazırda avropalılarla danışıqlar aparmaq üçün heç bir səbəb yoxdur. Çünki onlar nə sanksiyaları qaldıra, nə də başqa bir şey edə bilərlər. Əgər sanksiyaları bərpa etmək mexanizmini işə salsalar, bu, onlar üçün yolun sonu deməkdir" - deyə vurğulayıb.
Qeyd edək ki, İran və ABŞ arasında danışıqlar prosesi davam edərkən, İsrail iyunun 13-də İrana hücuma keçdi və həm ABŞ, həm də Avropa ilə danışıqlar prosesi yarımçıq qaldı.
İran Avropa ölkələrinin BMT-nin 2015-ci ildə imzalanmış nüvə sazişi ilə ləğv edilmiş sanksiyalarını bərpa etmək üçün "snapback mexanizmi" adlanan mexanizmdən istifadə edə biləcəyindən narahatdır. Sözügedən mexanizm oktyabrın 18-də başa çatır. İranın nüvə proqramı ilə bağlı həll yolu tapılmasa, Avropa ölkələrinin bu tarixdən əvvəl mexanizmi işə sala biləcəyi nəzərdə tutulur.
İran, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında 14 iyul 2015-ci ildə sanksiyaların ləğvi müqabilində İranın nüvə fəaliyyətlərini məhdudlaşdıran saziş imzalanıb. ABŞ 2018-ci ildə birtərəfli qaydada sazişdən çıxıb və İrana qarşı sanksiyaları bərpa edib. İran Avropa ölkələrindən ABŞ-ın sanksiyalarını kompensasiya etmək üçün tədbirlər görmələrini xahiş etmişdi, lakin avropalılar ABŞ-ın hərəkətlərinə qarşı çıxsalar da, tədbir görə bilmədilər.
İran sonradan bir il sonra müqavilə üzrə öhdəliklərini tədricən dayandırmağa başladı və daha sonra yüksək səviyyəli uranın zənginləşdirilməsi fəaliyyətlərinə keçdi.
İngiltərə, Fransa və Almaniya nüvə sazişində "snapback" kimi tanınan və sazişi pozduğuna görə İrana qarşı BMT sanksiyalarını bərpa edəcək bəndi işə salmaqla hədələyir.
İranın xarici işlər naziri Abbas Ərakçi bəyan edib ki, Avropa tərəfləri “müqavilənin əsaslarını pozduqları” və “müqavilədə iştirak rolunu itirdikləri üçün” mexanizmi işə salmaq üçün hüquqi əsasa malik deyillər.