BAKI, AzerVoice
Rusiyanın İsveçdəki səfirliyi dron hücumuna məruz qalıb.
AzerVoice xəbər verir ki, bu barədə səfirliyin Telegram kanalında məlumat verilib.
“25 may saat 03:40 radələrində Rusiya səfirliyi yenidən dron vasitəsilə həyata keçirilən hücuma məruz qalıb” - deyə, məlumatda qeyd olunub.
Məlumata görə, dron səfirliyin ərazisi üzərindən uçaraq əsas girişin qarşısındakı meydana şüşə qab (boya qabı) atıb.
Rusiya səfirliyi qeyd edir ki, onlar dəfələrlə İsveç Xarici İşlər Nazirliyinə və polis orqanlarına müraciət edərək bu hücumların qarşısının alınmasını və 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin toxunulmazlığının və təhlükəsizliyinin tam təmin edilməsini tələb ediblər. Lakin səfirliyin bəyanatına görə, bu çağırışlara cavab verilməyib və real nəticə yoxdur.
Rusiya səfirliyi İsveç hökumətini beynəlxalq hüququn əsas normalarını pozmaqda ittiham edib və bildirib ki, belə hadisələrin mümkün nəticələrinə görə bütün məsuliyyət İsveç hakimiyyətinin üzərində olacaq.