Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:52-də yayılıb)
BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qəbul edib.
AzerVoice xəbər verir ki, görüş İstanbulda, Dolmabahçe sarayında baş tutub.
Görüşdə Türkiyə ilə Pakistan arasındakı ikitərəfli münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan, iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib və ticarət həcminin 5 milyard dollaradək artırılması məqsədilə yeni addımlar atacaqlarını vurğulayıb. O, xüsusilə enerji, nəqliyyat və müdafiə sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyinə toxunub.
Türkiyə ilə Pakistan arasında terrorla mübarizə sahəsində təlim, kəşfiyyat məlumatlarının paylaşılması və texnoloji dəstək baxımından əməkdaşlığın artırılmasının hər iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edən Ərdoğan, İstanbul-Tehran-İslamabad dəmir yolu xəttinin daha səmərəli istifadəyə verilməsinin zəruriliyini də vurğulayıb.
Ərdoğan, təhsil sahəsində konkret addımların münasibətlərə müsbət təsir göstərəcəyini deyib və Pakistanın Fələstin məsələsindəki prinsipial mövqeyini yüksək qiymətləndirdiklərini bildirib. Türkiyənin isə Qəzzaya humanitar yardımların tezliklə çatdırılması üçün bütün imkanlarını səfərbər etdiyini qeyd edib.
Qəbul zamanı Ərdoğana Xarici İşlər naziri Hakan Fidan, Milli Müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya rəhbəri Fahrettin Altun, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç və Quru Qoşunları Komandanı Selçuk Bayraktaroğlu da müşayiət edib.