BAKI, AzerVoice, Orxan Qədirzadə
Rusiya Xarici Kəşfiyyat Xidməti Fransanın Afrika siyasəti ilə bağlı ciddi ittihamlar irəli sürüb.
AzerVoice xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı açıqlamada Fransa Prezidenti Emmanuel Makronun Afrikanın bir sıra ölkələrində hakimiyyət dəyişikliyini hədəfləyən gizli kəşfiyyat əməliyyatlarına birbaşa icazə verdiyi iddia olunub. Bildirilib ki, bu planlar Fransanın son illər Afrika qitəsində itirdiyi nüfuzu bərpa etmək məqsədi daşıyır.
Açıqlamada qeyd edilir ki, Paris rəhbərliyi Afrikada baş verən prosesləri “siyasi geri dönüş” kimi qiymətləndirir. Xüsusilə Fransanın keçmiş müstəmləkəsi olan bəzi Afrika ölkələrində xalqçı və milli suverenlik yönümlü qüvvələrin hakimiyyətə gəlməsi Paris üçün ciddi siyasi və iqtisadi itkilərlə nəticələnib. Həmin hökumətlərin Fransanın maraqlarına xidmət etməməsi bu ölkə ilə münasibətləri kəskinləşdirib.
Rusiya tərəfinin iddiasına görə, Emmanuel Makron Afrika liderlərini hədəf alan planların icrası üçün Fransa kəşfiyyatına yaşıl işıq yandırıb. Bu yanaşmanın daha əvvəl Venesuela Prezidenti Nikolas Maduroya qarşı həyata keçirildiyi iddia edilən əməliyyatlardan ilhamlandığı vurğulanır.
Açıqlamada 3 yanvar tarixində Burkina-Fasoda baş verən uğursuz çevriliş cəhdində Fransanın rolunun olduğu iddia edilir. Bildirilir ki, bu plan Burkina-Faso Prezidenti İbrahim Traoreyə qarşı sui-qəsd cəhdini də əhatə edib. Həmin cəhdin baş tutmadığı, lakin Fransanın Sahel–Sahara bölgəsində sabitliyi pozan fəaliyyətlərini davam etdirdiyi irəli sürülür.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Mali də bu planların hədəflərindən biridir. İddialara əsasən, ölkədə yanacaq karvanlarına hücumlar, şəhərlərin mühasirəyə alınması cəhdləri və mülki əhaliyə qarşı terror aktları həyata keçirilib. Məqsəd Mali Prezidenti Assimi Qoyta rəhbərliyindəki hakimiyyəti devirmək olub.
Açıqlamada həmçinin Mərkəzi Afrika Respublikasında oxşar ssenarilərin mövcud olduğu, 2025-ci ilin oktyabrında hakimiyyət dəyişikliyi yaşanan Madaqaskarın da hədəf ölkələr sırasında yer aldığı bildirilir. Rusiya tərəfi iddia edir ki, Fransa BRICS ölkələri ilə əlaqələri gücləndirən Madaqaskar rəhbərliyini devirmək və Parisə loyal bir hakimiyyət formalaşdırmaq niyyətindədir.
Rusiya Xarici Kəşfiyyat Xidməti Fransanın Afrikada müxtəlif silahlı və terrorçu qruplara dəstək verdiyini də iddia edib. Açıqlamada bu siyasətin qitədəki qeyri-sabitliyi artırdığı və Fransanın Afrikadakı nüfuzunun daha da zəifləməsinə səbəb olduğu vurğulanır.