BAKI, AzerVoice, Orxan Qədirzadə
ABŞ prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft alışını dayandırmaq qərarı verdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığından sonra açıqlama verərək, rəsmi Dehlinin Rusiyadan neft idxalını dayandırmağa razılıq verdiyini bildirib. Trampın sözlərinə görə, tərəflər görüş zamanı ikitərəfli ticarət, gömrük tarifləri və regional məsələləri müzakirə ediblər. ABŞ prezidenti qeyd edib ki, Modi Rusiyadan neft alışını dayandırmağa və ABŞ-dan, eləcə də ehtimal ki, Venesueladan daha çox neft almağa razılaşıb.
Tramp bu addımın Rusiya–Ukrayna müharibəsinin sona çatmasına töhfə verə biləcəyini vurğulayaraq, qərardan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, Hindistanın Moskva ilə enerji əməkdaşlığını məhdudlaşdırması regional və qlobal proseslərə təsir göstərəcək.
ABŞ prezidenti həmçinin bildirib ki, Hindistanla münasibətlərdə müsbət dinamikanı nəzərə alaraq, Vaşinqton Dehliyə tətbiq olunan gömrük tariflərini 25 faizdən 18 faizə endirəcək. Tramp qeyd edib ki, Hindistan da qarşılıqlı addım olaraq ABŞ məhsullarına tətbiq edilən gömrük rüsumlarını sıfıra endirəcək.
Açıqlamada vurğulanıb ki, Hindistan ABŞ-dan enerji, texnologiya, kənd təsərrüfatı, kömür və digər sahələr üzrə ümumilikdə 500 milyard dollar həcmində məhsul almağı öhdəsinə götürüb. Analitiklərin fikrincə, bu razılaşmalar ABŞ–Hindistan iqtisadi əlaqələrinin genişlənməsinə və Rusiyanın enerji bazarındakı mövqelərinə təsirin artmasına səbəb ola bilər.