BAKI,AzerVoice, Orxan Qədirzadə
Kolumbiya Prezidenti Gustavo Petro ABŞ Prezidenti Donald Trump tərəfindən səsləndirilən hədələr fonunda ölkəsinin suverenliyini müdafiə etməyə hazır olduğunu bildirib.
AzerVoice xəbər verir ki, prezident Petro sosial şəbəkə paylaşımında qeyd edib ki, ABŞ-ın Venesuelada həyata keçirdiyi son müdaxilə kimi hər hansı zorakı addım Kolumbiyaya qarşı atılarsa, bu, cavabsız qalmayacaq. Onun sözlərinə görə, zərurət yaranacağı təqdirdə ölkəsini qorumaq üçün silaha əl atmağa hazırdır.
“Bir daha silaha toxunmamağa and içmişdim. Amma vətən naminə yenidən silaha sarılacağam”, — deyə Petro vurğulayıb.
Qeyd edək ki, keçmiş solçu silahlı hərəkat üzvü olan Petro son dövrlərdə Tramp administrasiyasının Latın Amerikasına yönəlik siyasətini açıq şəkildə tənqid edən liderlərdən biri kimi çıxış edir. ABŞ prezidenti isə narkotik qaçaqmalçılığı ilə mübarizə adı altında Kolumbiyaya qarşı mümkün hərbi tədbirlərlə hədələyib.
Son günlər tərəflər arasında qarşılıqlı ittihamlar daha da sərtləşib. Tramp Venesuela Prezidenti Nikolas Maduronun zorla ölkədən aparılmasından sonra Petroya ünvanlanan açıqlamasında Kolumbiya liderinin “özünə diqqət etməli olduğunu” deyib və oxşar əməliyyatın Kolumbiyada da həyata keçirilə biləcəyini istisna etməyib.
Kolumbiya Xarici İşlər Nazirliyi Trampın bu bəyanatlarını beynəlxalq hüquq normalarına zidd olaraq ölkənin daxili işlərinə yolverilməz müdaxilə kimi qiymətləndirib.
Vaşinqton Petronu ABŞ-a narkotik axınını asanlaşdırmaqda ittiham etsə də, Kolumbiya prezidenti bu iddiaları qəti şəkildə rədd edir. Petro bildirib ki, hökuməti narkotik istehsalı ilə mübarizə aparır, lakin əvvəlki illərdə tətbiq edilən hərbiləşdirilmiş yanaşmadan uzaqlaşmağa çalışır.
“Xalqıma böyük etimadım var. Məhz buna görə də onları prezidentə qarşı hər hansı qeyri-qanuni zorakı cəhdi rədd etməyə çağırmışam”, — deyə Petro əlavə edib.