BAKI,AzerVoice, Fərid Mikayılov
Çin hakimiyyəti Myanmanın şimalında fəaliyyət göstərən cinayət qruplaşmaları ilə, o cümlədən telekommunikasiya fırıldaqları ilə məşğul olan şəbəkələrlə əlaqəli 11 nəfəri edam edib.
AzerVoice xəbər verir ki, sözügedən şəxslər 2025-ci ilin sentyabr ayında ölüm cəzasına məhkum olunmuşdu və hökm ölkənin şərqində yerləşən Çjetszyan əyalətinin Vencou şəhərində icra edilib.
Rəsmi mənbələr edam edilən şəxslərin kimliyi və konkret cinayət əməlləri ilə bağlı əlavə detallar açıqlamayıb.
Məlumata əsasən, son illər Çin regional miqyasda, xüsusilə Tailand, Myanma və Kamboca ilə əməkdaşlığı gücləndirərək Cənub-Şərqi Asiyada geniş yayılmış “fırıldaq mərkəzləri”nə qarşı mübarizəni intensivləşdirib. Bu mərkəzlər əsasən onlayn dələduzluq və telekommunikasiya fırıldaqları ilə məşğul olur.
Beynəlxalq mütəşəkkil cinayət üzrə ekspertlərin bildirdiyinə görə, görülən tədbirlər nəticəsində on minlərlə şübhəli şəxs Çinə repatriasiya olunub. Çinin İctimai Təhlükəsizlik Nazirliyi ötən il açıqlamışdı ki, yalnız Myanmanın Tailandla sərhədində yerləşən Myavaddi şəhərindən 7 min 600-dən çox Çin vətəndaşı onlayn qumar və telekommunikasiya dələduzluğu şübhəsi ilə ölkəyə qaytarılıb.