BAKI,AzerVoice, Fərid Mikayılov
Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın Avropaya qarşı gömrük rüsumları ilə bağlı təhdidlərinə münasibət bildirərək, Avropanın zərurət yaranacağı təqdirdə öz maraqlarını müdafiə etməyə tam hazır olduğunu bəyan edib.
AzerVoice xəbər verir ki, Merts Avropanın bu məsələdə birlik və qətiyyət nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
O qeyd edib ki, Avropa İttifaqı liderləri Brüsseldə qısa müddətdə bir araya gələrək gömrük rüsumu təhdidlərindən çəkinməmək mövqeyində ortaq razılığa gəliblər.
Mertsin sözlərinə görə, Avropanın birlik nümayiş etdirməsi ABŞ rəhbərliyinin yeni iqtisadi təzyiqlərinin qarşısını almağa imkan verib. Kansler bildirib ki, Avropaya qarşı gömrük rüsumları vasitəsilə siyasi xətt yürütmək istəyən hər kəs, Avropanın buna qarşı durmaq gücünə malik olduğunu bilməlidir.
Çıxışı zamanı transatlantik münasibətlərin əhəmiyyətinə də toxunan Merts, uzun illər formalaşmış NATO və ABŞ-Avropa tərəfdaşlığının asanlıqla risk altına atılmamalı olduğunu qeyd edib. O, ABŞ prezidentinin Əfqanıstan missiyası ilə bağlı səsləndirdiyi fikirləri dolayı yolla tənqid edərək, Almaniyanın NATO çərçivəsində üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirdiyini vurğulayıb.
Merts xatırladıb ki, Əfqanıstanda keçirilən əməliyyatlar zamanı 59 alman hərbçisi həlak olub, yüzdən çoxu isə yaralanıb. Kansler bu xidmətlərin Almaniya hökuməti tərəfindən heç vaxt dəyərsizləşdirilməyəcəyini bildirib.
Almaniya kansleri həmçinin vurğulayıb ki, qlobal siyasətdə güc balansı dəyişir və Avropa öz maraqlarını qorumaq üçün daha özünəinamlı və güclü aktor kimi çıxış etməlidir.