BAKI, AzerVoice, Nailə Babazadə
Suriya Daxili İşlər Nazirliyi Rəqqə vilayətində terror təşkilatı YPG/SDG-nin nəzarətində olan Aktan həbsxanasının rəsmən təhvil alındığını bildirib.
AzerVoice xəbər verir ki, nazirliyin yaydığı yazılı bəyanatda qeyd olunub ki, qurumun tabeliyindəki Həbsxanalar və İslah İdarəsi sözügedən müəssisədə fəaliyyətə başlayaraq orada saxlanılan şəxslərlə bağlı hərtərəfli araşdırmalara start verib. Hazırda hər bir məhbusun şəxsi işi yoxlanılır və bütün tutulanlara qarşı qanuni prosedurların tətbiqi təmin edilir.
Aktan həbsxanasının mühafizəsi, təhlükəsizliyi və daxili nizam-intizamın qorunması məqsədilə Antiterror İdarəsi və digər aidiyyəti qurumların mütəxəssislərindən ibarət xüsusi briqadalar formalaşdırılıb. Nazirlik insan hüquqları və qanunun aliliyi prinsiplərinə tam sadiqliyini təsdiqləyərək, həbsxanalardakı vəziyyətin sabitlik və təhlükəsizliyi artıracaq şəkildə yaxından izlənildiyini vurğulayıb.
Eyni zamanda, Suriya Ordusunun Əməliyyat Heyətindən verilən məlumata görə, ordu birlikləri Aktan həbsxanası və ətrafındakı təxminən 800 YPG/SDG ünsürünü Ayn əl-Ərəb (Kobani) istiqamətinə köçürməyə başlayıb. Bildirilib ki, bu addım hərbi gərginliyin qarşısını almaq, inzibati və təhlükəsizlik səlahiyyətlərinin dinc yolla təhvil verilməsini təmin etmək, həmçinin Rəqqənin təhlükəsizliyini qorumaq məqsədi daşıyır.
Digər tərəfdən, Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) YPG/SDG terror təşkilatının Rəqqənin terrordan azad edildiyi gün – 18 yanvarda törətdiyi qanlı hücumlar barədə məlumat yayıb. Hesabatda qeyd olunur ki, terrorçuların şəhərdə həyata keçirdiyi hücumlar nəticəsində 3-ü uşaq olmaqla 22 mülki şəxs həyatını itirib. Ölənlərin 12-si birbaşa terror təşkilatının snayperləri tərəfindən hədəf alınıb. Mülki şəxsləri hədəf alan bu hücumlar pislənilib, Suriya hakimiyyəti və beynəlxalq təşkilatlar hadisə ilə bağlı müstəqil və şəffaf araşdırma aparmağa, məsuliyyət daşıyanları ədalət qarşısına çıxarmağa çağırılıb.
Xatırladaq ki, Suriya ordusunun yerli əhali və aşirətlərin dəstəyi ilə həyata keçirdiyi əməliyyatlar nəticəsində Fərat çayının şərqində yerləşən Rəqqə şəhəri terror işğalından tamamilə azad edilmişdi.