BAKI, AzerVoice, Orxan Qədirzadə
Rusiya Türkiyənin Moskva və Kiyev arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olmasına minnətdardır, lakin Kiyev bu formatdan imtina edir. AzerVoice xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova noyabrın 27-də keçirdiyi brifinqdə bildirib.
Zaxarova xatırladıb ki, Moskva İstanbul formatından heç vaxt imtina etməyib. Onun sözlərinə görə, danışıqların dondurulması qərarı Kiyevə məxsusdur. “Onlar iyuldan bəri bizdən gələn təkliflərə, o cümlədən siyasi, hərbi və humanitar məsələlər üzrə üç işçi qrupunun yaradılması ideyasına cavab verməyiblər”, - deyə diplomat vurğulayıb.
Brifinqdə o da bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son telefon danışığında Rusiya Prezidenti Vladimir Putinə Ankaranın Ukrayna üzrə vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bildirib.
Zaxarovanın sözlərinə görə, Vaşinqtonun Ukrayna üzrə təklif etdiyi “sülh planı” ətrafındakı qeyri-rəsmi məlumatlar və sızmalar siyasi-diplomatik prosesləri pozmaq məqsədi daşıyır. “Müstəqil mənbələrə istinad edən bu cür ‘qəsdən yayılan dezinformasiyalar’ məhz planlaşdırılan danışıqları əngəlləməyə yönəlib”, - deyə o bildirib.
Diplomat əlavə edib ki, ABŞ planının müzakirəsi ilə bağlı konkret diplomatik tədbirlər planlaşdırıldıqda Moskva bunu rəsmi olaraq açıqlayacaq.
Zaxarova NATO-nun Ukrayna üzrə istənilən sülh təşəbbüsünə kəskin reaksiya verdiyini deyib. Onun sözlərinə görə, NATO rəhbərliyi danışıqlar prosesini “torpedomalaşdırmağa” davam edir:
“Onların ritorikası göstərir ki, siyasi-diplomatik həll variantları informasiya mühitində dərhal hücumla üzləşir.” - Zaxarova deyib.
O, NATO-nun Rusiyanı uzunmüddətli təhdid kimi təqdim etməsinin məqsədinin Avropadakı genişmiqyaslı hərbi xərcləri əsaslandırmaq olduğunu vurğulayıb. “Rusiyaya aid olmayan ‘aqressiv niyyətlər’ bizə dəfələrlə aid edilib, lakin bunların heç biri reallığa uyğun deyil”, - deyə o əlavə edib.
Zaxarova Avropa Komissiyasının “hərbi qüvvələrin sürətli hərəkət” sistemi yaratmaq qərarını NATO-nun Rusiya sərhədlərinə qoşun və ağır texnika dislokasiyasını sürətləndirmək cəhdi kimi qiymətləndirib. Onun sözlərinə görə, Moskva bu prosesləri diqqətlə izləyir və müdafiə planlamasında nəzərə alır.
Diplomat vurğulayıb ki, “hərbi Şengen” konsepsiyası Avropa İttifaqının miqyası genişlənmiş hərbi infrastruktur yaratmaq niyyətini göstərir.
Zaxarova qeyd edib ki, bir çox Avropa ölkələrinin siyasi rəhbərliyi “antirusiya kursunu” davam etdirir və bu xəttin dəyişəcəyinə dair heç bir əlamət görünmür. Onun sözlərinə görə, bu mövqe daxili siyasi və iqtisadi problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyır.
Diplomat əlavə edib ki, Aİ ölkələri Ukraynaya silah tədarükünü genişləndirməklə öz əhalisinin maraqlarına zidd addımlar atır və bu siyasət danışıqların bərpasını mümkünsüz edir.
Zaxarova Yaponiya Baş naziri Sanae Takaichinin Tokyo-nun üç qeyri-yadrov(nüvə silahından imtina prinsipi) prinsipinin yenidən nəzərdən keçirilə biləcəyi barədə bəyanatını “provokasiya” adlandırıb. Onun sözlərinə görə, belə açıqlamalar Asiya-Sakit okean regionunda gərginliyi artırır və Yaponiyanın uzun illər qeyri-yadrov mövqeyinə ziddir.
Diplomat qeyd edib ki, bu məsələ Hirosima və Naqasaki sakinləri arasında ciddi narahatlıq yaradıb.