Bakı, AzerVoice, Orxan Qədirzadə
Qvineya Bisau paytaxtı Bissauda Prezident Sarayı və Milli Seçki Komissiyası yaxınlığında güclü atışma səsləri eşidilib.
AzerVoice-un məlumatına görə, ölkə ordusu rəsmi bəyanat yayaraq “Ordu ölkənin idarəçiliyini öz üzərinə götürüb. Bütün sərhədlər bağlanıb” açıqlamasını verib.
Hadisələr ölkədə 23 noyabrda keçirilmiş prezident və parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasına bir gün qalmış baş verib.
Qvineya Bisau Prezidenti Umaru Sissoku Embalo yerli mediaya birbaşa zəng edərək ölkədə dövlət çevrilişi baş verdiyini bildirib. Onun sözlərinə görə, çevriliş ordunun yüksək vəzifəli şəxsləri tərəfindən həyata keçirilir.
Prezident iddia edib ki, çevrilişin təşkilatçıları sırasında Baş Qərargah rəisi General Biague Na Ntan, Baş Qərargah rəisinin müavini General Mamadou Touré, Daxili İşlər naziri Botché Candé var. Embalo, fiziki zorakılığa məruz qalmadığını da əlavə edib.
AFP müxbirlərinin məlumatına görə, güclü atışmadan sonra prezident mühafizə birləşmələri və jandarmanın seçkin dəstələri saraya gedən əsas yolu tam nəzarətə götürüb. Şahidlər şəhərin mərkəzində genişmiqyaslı hərbi hərəkətliliyin müşahidə edildiyini bildirirlər.`
23 noyabr seçkilərindən sonra həm mövcud prezident Embalo, həm də müstəqil namizəd Fernando Dias da Kosta qalibiyyətini elan etmişdi. Rəsmi nəticələrin isə sabah açıqlanması gözlənilirdi.
Müstəqillikdən bəri dörd dəfə şevriliş yaşayan və çoxsaylı çevriliş cəhdlərinə səhnə olmuş Qərbi Afrika ölkəsində siyasi böhran yenidən dərinləşib.