BAKI, AzerVoice, Fərid Mikayılov
Avropa İttifaqına (Aİ) üzv ölkələrin müdafiə nazirləri Ukraynaya hərbi dəstəyin artırılması və Kiyevin müdafiə sənayesinin dəstəklənməsi məsələsini müzakirə edəcəklər.
AzerVoice xəbər verir ki, nazirlər cümə axşamı axşam yeməyində bir araya gələcək, cümə günü isə hərbi dəstəyin genişləndirilməsi istiqamətində addımlar müzakirə olunacaq.
Görüşdə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas və NATO Baş katibinin müavini də iştirak edəcək.
Diplomatın sözlərinə görə, rəsmi gündəmdə göstərilməsə də, Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsi də müzakirələrin mövzularından biri olacaq.
Qeyd edək ki, avqustun 22-də Aİ hakimiyyət orqanları 2027-ci ilə qədər davam edəcək uzunmüddətli dəstək proqramı çərçivəsində Ukraynaya növbəti maliyyə vəsaitlərini ayırıb.