BAKI, AzerVoice, Səməd Əyyubov
ABŞ Ukraynada sülhün əldə olunması üçün mümkün olan hər şeyi edəcək, lakin bu barədə qərarı Moskva və Kiyev verməlidir.
AzerVoice xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Marko Rubio, Paraqvayın xarici işlər naziri Ruben Ramirez Leskano ilə görüşü zamanı səsləndirib.
“Sabah nələrin mümkün olacağını görəcəyik, söhbətin necə keçəcəyinə baxacağıq. Ümidlərimiz var, sülhün olmasını istəyirik. Ona nail olmaq üçün əlimizdən gələni edəcəyik, amma nəticə etibarilə buna razılığı Ukrayna və Rusiya verməlidir” - deyə, Rubio bildirib.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu iyunun 2-də İstanbulda baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.
İyulun 23-də isə, danışıqların üçüncü raundunda heyətlər arasında danışıqlar təxminən 40 dəqiqə davam edib. Bu müddətdə hər iki tərəf təqdim olunan memorandum layihələrindəki mövqeləri müzakirə edib.
Görüş nəticəsində yalnız hərbi əsirlərin deyil, mülki şəxslərin də dəyişdirilməsi barədə razılıq əldə olunub. Həmçinin, Moskva Ukraynaya daha 3 000 ukraynalı hərbçinin cəsədini təhvil verməyə və cəbhə xəttində yaralı və həlak olanların toplanması üçün qısa müddətli humanitar fasilələrin bərpasına çağırıb.
Medinski bildirib ki, danışıqların dördüncü raunduna dair qərar, əldə olunmuş yeni razılaşmaların yerinə yetirilməsindən sonra veriləcək.