BAKI, AzerVoice, Səməd Əyyubov
Avropa İttifaqı (Aİ) Ukraynada atəşkəs əldə olunacağı halda Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə yumşaldılması imkanını nəzərdən keçirir, lakin buna qədər bütün məhdudiyyətlər qüvvədə qalacaq.
AzerVoice xəbər verir ki, bu barədə "Sky News" telekanalı Avropa Komissiyasındakı mənbələrə istinadən xəbər verib.
Onların sözlərinə görə, ilkin mərhələdə 15 günlük atəşkəs rejiminin tətbiqi gözlənilir, daha sonra isə uzunmüddətli sülh razılaşması planlaşdırılır. Mənbələrin məlumatına əsasən, sanksiyaların qismən ləğv olunması yalnız ikinci mərhələdə mümkün ola bilər, lakin atəşkəs şərtlərinin pozulması halında məhdudiyyətlər dərhal bərpa olunacaq.
Qeyd edək ki, iyulun 17-də Avropa İttifaqının (Aİ) üzv dövlətlərinin daimi nümayəndələri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini yekdilliklə razılaşdırıblar. Sanksiyalar paketi “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinə qarşı əlavə məhdudiyyətləri, eləcə də Rusiya neftinə tətbiq olunacaq yeni qiymət tavanını əhatə edir.