BAKI, AzerVoice, Nərmin Ağayeva
Albaniyada güclənən meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam edir.
AzerVoice xəbər verir ki, Albaniya Müdafiə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə baş verən 64 yanğından 24-ü hələ də aktivdir. Yanğınlarla mübarizə Albaniya Mülki Müdafiə Agentliyinin koordinasiyası ilə 10 mindən çox şəxsi heyətin iştirakı ilə aparılır. Gecə boyu davam edən söndürmə işlərində əsas diqqət yaşayış məntəqələri və milli parklar yaxınlığındakı alovların qarşısının alınmasına yönəldilib. Qramş və Delvin bölgələrində yanğınların sürətlə yayılması səbəbindən əhalinin dərhal ərazini tərk etməsi tövsiyə olunub.
Qeyd edək ki, dünən Elbasan, Vlorë və Berat əyalətlərində bir neçə kənd boşaldılıb. Elbasan əyalətində 80 yaşlı bir nəfərin törətdiyi yanğın nəzarətdən çıxaraq bir neçə kəndə yayılıb və həmin şəxsin həyatını itirdiyi ehtimal edilir.