BAKI, AzerVoice, Nərmin Ağayeva
Portuqaliya meşə yanğınlarına qarşı xəbərdarlıq rejimini avqustun 15-dək uzadıb.
AzerVoice xəbər verir ki, ölkədə davam edən böyük meşə yanğınları səbəbindən avqustun 3-də elan edilən və əvvəlcə avqustun 7-də başa çatması planlaşdırılan xəbərdarlıq rejimi hökumət qərarı ilə avqustun 15-dək uzadılıb. Hazırda Vila Real, Trankoso, Covilha və Tabuaço bölgələrində “həyəcanverici” səviyyədə yanğınlar davam edir və 1700-dən çox yanğınsöndürən alovların qarşısını almaq üçün çalışır.
Qeyd edək ki, yanğın təhlükəsi ilə əlaqədar meşəlik ərazilərə giriş, bu ərazilərdə od qalamaq, kənd yerlərində müəyyən texnikadan istifadə, həmçinin pirotexniki vasitələrdən yararlanmaq qadağan olunub. İspaniyanın şimalında isə Qalisiya, Asturiya və Kastiliya-Leon bölgələrində nəzarətsiz meşə yanğınları davam edir. Son məlumatlara görə, İspaniyada ölənlərin sayı iki nəfərə çatıb, yüzlərlə insan xəsarət alıb və 5 mindən çox sakin təxliyə olunub.