BAKI, AzerVoice, Səməd Əyyubov
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) mənbələri, xarici işlər naziri Hakan Fidanın universitet diplomuna dair son günlər gündəmə gətirilən iddiaları təkzib edib.
AzerVoice xəbər verir ki, mənbələr, bu mövzuda Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) və Ali Təhsil Şurası (YÖK) tərəfindən sənədlərlə cavab verildiyini xatırladıblar.
"Son illərdə FETÖ və ona bağlı qurumlar tərəfindən cənab nazirimizə qarşı sistemli şəkildə aparılan çoxşaxəli qaralama kampaniyalarında ortaya atılmış əsassız iddiaların yenidən gündəmə gətirildiyi müşahidə olunur" - deyə, mənbələr bildiriblər.
Məlumata görə, DMM və YÖK bu iddialara cavab olaraq lazımi sənədləri artıq təqdim edib.
“Cənab nazirimizin bakalavr, magistratura və doktorantura diplomları, eləcə də ekvivalentlik sənədi, Prezident Administrasiyası Dezinformasiya ilə Mübarizə Mərkəzi tərəfindən 15 may 2025-ci ildə ictimaiyyətin diqqətinə çatdırılıb” - deyə, XİN mənbələri əlavə ediblər.
Həmçinin bildirilib ki, məsələ ilə əlaqədar Türkiyə Böyük Millət Məclisində (TBMM) verilmiş yazılı sual iyunun 12-də YÖK tərəfindən cavablandırılıb.
“Sözügedən iddiaların son günlər yenidən gündəmə gətirilməsi, ictimaiyyəti məqsədli şəkildə yanlış istiqamətə yönləndirməyə hesablanıb. Bu iddialarla bağlı hüquqi yollara müraciət edilib” - XİN mənbələri vurğulayıblar.