BAKI, AzerVoice
İsrail parlamentində (Knesset) keçirilən səsvermədə 120 deputatdan 71-i İsrailin işğalı altında olan İordan çayının Qərb Sahilinin ilhaqına dair hökumətə çağırış edən qərarı qəbul edib.
AzerVoice xarici KİV-ə istinadən xəbər verir ki, 13 deputat bu qərarın əleyhinə səs verib, qalanları isə bitərəf qalıb.
Qərarda Qərb Sahilinin Yəhudi xalqının tarixi, mədəni və mənəvi vətəni olduğu, həmçinin İsrail torpaqlarının ayrılmaz bir hissəsi sayıldığı qeyd olunub.
Qərarda həmçinin, Fələstin dövlətinin yaradılmasına qarşı çıxılıb və bunun “İsrail dövləti və vətəndaşlarının varlığına təhlükə” olduğu bildirilib.
Knessetdə qəbul olunan bu sənəd hüquqi cəhətdən bağlayıcı deyil və Qərb Sahilinin ilhaqını həyata keçirmir, lakin hökuməti bu istiqamətdə addımlar atmağa çağırır.
Bu qərarla birlikdə, Knessetin “Fələstin dövlətinin birtərəfli tanınmasına qarşı” əvvəlki qərarları da xatırladılır. Belə ki, fevral və iyul aylarında da İsrail parlamenti bununla bağlı qərarlar qəbul edib.
Qeyd edək ki, İsrailin 1967-ci ildə işğal etdiyi İordan çayının Qərb Sahilindəki mövcudluğu beynəlxalq hüquqa görə qanunsuz işğal sayılır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara əsasən, İsrailin müharibə yolu ilə ələ keçirdiyi bu əraziləri ilhaq etməsi qəbuledilməzdir.