Əsas səhifə » Druzlar Suriyanın Süveyda vilayətindən ölkənin şimal şərqinə yol açılmasını tələb ediblər

Druzlar Suriyanın Süveyda vilayətindən ölkənin şimal şərqinə yol açılmasını tələb ediblər

BAKI, AzerVoice

Suriyadakı druz icmasının liderlərindən biri Hikmət əl-Həcrinin bəyanatlarının yayımlandığı sosial şəbəkə hesabında, Süveyda vilayətindən PKK terror təşkilatının nəzarətində olan ölkənin şimal-şərq bölgələrinə “yol açılması” tələb olunub.

AzerVoice-un məlumatına görə, həmin hesabda, İordaniya kralı II Abdullaha müraciət edilərək, Süveyda ilə İordaniya arasında sərhəd keçid məntəqəsinin açılmasına dair çağırış edilib.

Xatırladaq ki, Suriyada "SDQ" (Suriya Demokratik Qüvvələri) adından istifadə edən PKK terror təşkilatı ötən axşam Haseke şəhərində Süveydada təhlükəsizlik qüvvələri ilə qarşıdurmada olan qruplara dəstək aksiyası keçirtmişdi.

Hazırda təşkilat “insani yardım” adı altında Süveydaya yük daşımağa hazırlaşır.

PKK bundan bir gün əvvəl də Hələbin şərqində yerləşən Deyr Hafır bölgəsində Suriya ordusu ilə qarşıdurmaya girərək, sonradan həmin bölgəyə əlavə qüvvələr göndərmişdi.

Qeyd edək ki, 13 iyul tarixində Suveyda vilayətində ərəb qəbilələrinin silahlı birləşmələri ilə dağlıq ərazilərin druz dəstələri arasında qarşıdurmalar başlayıb. İyulun 15-də Suriya ordusu vilayətin eyni adlı inzibati mərkəzinə daxil olaraq ərazidə sabitliyi təmin etmək məqsədilə əməliyyatlara start verib. Bundan dərhal sonra İsrail ordusu Suriya Silahlı Qüvvələrinin hərbi kolonlarını hədəfə almağa başlayıb. İsrail bu hücumları Suveyda vilayətində yaşayan druz əhalisini müdafiə etmək məqsədi ilə həyata keçirdiyini bildirib.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Digər Kateqoriyalar

2025 © Azervoice