BAKI, AzerVoice
Rusiya, Ukrayna ilə danışıqların üçüncü raundu üçün Kiyevdən yeni təklifləri gözlədiyini bildirib.
AzerVoice xəbər verir ki, Kremlin
sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında Rusiya
ilə Ukrayna arasında əsir mübadiləsinin davam etdiyini və bu
prosesin tamamlanmasından sonra danışıqların üçüncü mərhələsinə
keçidin müzakirə ediləcəyini bildirib.
Peskov qeyd edib ki, hazırda üçüncü raundun vaxtı və detalları üçün
Ukrayna tərəfindən təkliflər gözlənilir. Rusiya nümayəndə heyətinin
rəhbəri Vladimir Medinski isə İstanbul danışıqları çərçivəsində
daha 1000 Ukrayna əsgərinin cəsədinin geri qaytarıldığını
açıqlayıb.
Ukrayna tərəfi də 1000 nəfərin qalıqlarının geri alındığını və
şəxsiyyətlərin müəyyənləşdirilməsi prosesinin başladıldığını
təsdiqləyib.
Qeyd edək ki, iyunun 2-də İstanbulda keçirilən danışıqlarda tərəflər arasında 6 min Ukrayna əsgərinin qalıqlarının qaytarılması və bəzi kateqoriyalara aid əsirlərin dəyişdirilməsi barədə razılıq əldə olunub. Proses Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə həyata keçirilir.