BAKI, AzerVoice
ABŞ-ın hərbi nəşri Military Watch Magazine (MWM) İsrailin beşinci nəsil F-35I “Adir” qırıcılarının iyun ayında İranın paytaxtı Tehrana endirdiyi hava zərbələri zamanı Prezident Məsud Pezeşkianın yerləşdiyi bunkeri hədəf aldığını iddia edib.
AzerVoice xəbər verir ki, məlumata görə, hücum nəticəsində prezidentin yaralanması ilə bağlı yayılan xəbərlər bu versiyanı gücləndirir.
Nəşrin yazdığına görə, 16 iyun tarixində İranın Fars xəbər agentliyi Tehran yaxınlığındakı hökumət obyektinə hücum nəticəsində Pezeşkianın xəsarət aldığını qeyri-rəsmi şəkildə yayımlayıb. MWM bildirir ki, belə bir hücumun yalnız “radara görünməyən” F-35I qırıcıları vasitəsilə həyata keçirilməsi mümkündür.
Jurnal qeyd edir ki, İsrailin dördüncü nəsil F-15 və F-16 tipli qırıcıları bu tip dərin və mühafizə olunan hədəflərə daxil olmaq imkanına malik deyil, çünki İranın hava hücumundan müdafiə sistemləri bu təyyarələri asanlıqla aşkar edə bilər. Lakin radar izini minimuma endirən F-35I qırıcıları ilə belə bir əməliyyatın icrası mümkün görünür.
MWM-nin təhlilinə əsasən, İranın Tehran ətrafında yerləşən hava müdafiə sistemi, xüsusilə MiQ-29A/UB təyyarələri və “Tor-M1” sistemləri F-35I tipli qırıcılar qarşısında kifayət qədər effektiv deyil. Bu isə hücumun uğurla həyata keçirildiyi versiyasını gücləndirir.
Digər hərbi nəşrlər də bu iddianı dolayısı ilə təsdiqləyir. ABŞ-ın “The War Zone” (TWZ) nəşri bildirib ki, iyun ayında İsrail və ABŞ tərəfindən həyata keçirilən hücumlar nəticəsində İranın hava hücumundan müdafiə sistemləri tam sıradan çıxmasa da, koordinasiya və rabitə imkanları ciddi zərər görüb.
TWZ-yə görə, İranın müdafiə sistemləri bu zərbələrdən sonra parçalanmış struktura çevrilib və bu da İsrailin hava məkanında hədəf seçimini asanlaşdırıb.
İran tərəfi isə nə İsrailin həyata keçirdiyi iddia olunan konkret hücumla, nə də prezident Pezeşkianın xəsarət alması ilə bağlı rəsmi mövqe açıqlamayıb. Beynəlxalq hərbi ekspertlər isə baş verənləri regionda hərbi balansın dəyişməsi baxımından kritik hadisə kimi qiymətləndirirlər.