Əsas səhifə » İsrailin Suriyaya hücumları narahatlıq doğurur - Hakan Fidan

İsrailin Suriyaya hücumları narahatlıq doğurur - Hakan Fidan

BAKI, AzerVoice

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə telefon danışığı zamanı Suriyanın daxili işlərinə xarici müdaxilələrin tezliklə dayandırılmasının və Suriyada sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Fidan qeyd edib ki, İsrailin Suriyanın cənubuna və Dəməşqə hücumları narahatlıq doğurur. O, Suriyadakı sabitliyi təmin etməyə yönəlmiş səyləri və regional təhlükəsizliyi təhdid edən müdaxilələrin ən qısa zamanda dayandırılmasının vacibliyini vurğulayıb və bu məsələdə maraqlı tərəfləri Suriyada sülhün təmin olunması üçün birgə səylər göstərməyə çağırıb.

Türkiyə Xarici İşlər Nazirliyi daha əvvəl yaydığı rəsmi bəyanatda İsrailin Dəməşqə hücumlarını Suriyada yeni hakimiyyətə qarşı sabotaj aktı kimi qiymətləndirmişdi.

Xatırladaq ki, İsrail ordusu Dəməşqdə Suriya Baş Qərargah binasına zərbə endirdiyini açıqlamışdı. Bundan əvvəl isə İsrailin müdafiə naziri İsrael Kats xəbərdarlıq etmişdi ki, əgər Suriya hakimiyyəti cənubdakı Əs-Süveyda şəhərindən qoşunlarını geri çəkməsə, İsrail bu ölkəyə qarşı hücumlarını davam etdirəcək.

Qeyd edək ki, İsrail hökuməti ötən ilin sonlarında Dəməşqdə hakimiyyətin dəyişməsindən sonra dəfələrlə Suriyada yaşayan druzların müdafiəsini dəstəklədiyini ifadə edib və lazım gəldikdə onlara özünümüdafiə məqsədilə yardım göstərməyə hazır olduğunu bəyan edib.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Digər Kateqoriyalar

2025 © Azervoice