Əsas səhifə » İsrail Suriyanın Dəraa vilayətinə zərbələr endirib

İsrail Suriyanın Dəraa vilayətinə zərbələr endirib

BAKI, AzerVoice

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənub bölgələrinə yeni zərbələr endirib.

AzerVoice xəbər verir ki, bu barədə Suriyanın “Al Watan” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, bu dəfə hava hücumları Əs-Süveyda vilayəti ilə həmsərhəd olan Dəraa əyalətini hədəfə alıb. Hücumlar nəticəsində xəsarət alanlar və dəymiş zərər barədə hələlik məlumat verilməyib.

Bunun fonunda Suriya Mülki Aviasiya İdarəsi Dəməşq ilə Basra şəhəri arasında hava əlaqəsini təmin edən hava dəhlizlərindən birini müvəqqəti olaraq bağlayıb.

Qeyd edək ki, 13 iyul tarixində Əs-Süveyda vilayətində ərəb qəbilələrinin silahlı birləşmələri ilə dağlıq ərazilərin druz dəstələri arasında qarşıdurmalar başlayıb. İyulun 15-də Suriya ordusu vilayətin eyni adlı inzibati mərkəzinə daxil olaraq ərazidə sabitliyi təmin etmək məqsədilə əməliyyatlara start verib. Bundan dərhal sonra İsrail ordusu Suriya Silahlı Qüvvələrinin hərbi kolonlarını hədəfə almağa başlayıb. İsrail bu hücumları Əs-Süveyda vilayətində yaşayan druz əhalisini müdafiə etmək məqsədi ilə həyata keçirdiyini bildirib.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Digər Kateqoriyalar

2025 © Azervoice