BAKI, AzerVoice
İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə daha bir hava zərbəsi endirib.
AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bəyanat yayıb.
Bəyanata görə, yeni hədəf prezident sarayının yaxınlığında yerləşən hərbi obyekt olub.
İsrail ordusu daha əvvəl Dəməşqdəki Baş Qərargah binasına həyata keçirdiyi hücumu Suriyanın cənubundakı vəziyyətin gərginləşməsi ilə əlaqələndirib. Bu bölgədə İsrailin dəstəklədiyi yerli druz icması ilə qarşıdurmalar yaşanır.
“Dəməşqdəki hərbi qərargah, Suriya komandirlərinin Əs-Süveyda şəhəri ətrafında döyüş əməliyyatlarını və qüvvələrin yerləşdirilməsini idarə etdiyi mərkəzdir” – deyə, İsrail ordusu bildirib.
Qeyd edək ki, bir qədər əvvəl İsrail ordusu Dəməşqdə Suriya Baş Qərargah binasına zərbə endirdiyini açıqlamışdı. Bundan əvvəl isə İsrailin müdafiə naziri İsrael Kats xəbərdarlıq etmişdi ki, əgər Suriya hakimiyyəti cənubdakı Əs-Süveyda şəhərindən qoşunlarını geri çəkməsə, İsrail bu ölkəyə qarşı hücumlarını davam etdirəcək.
Əlavə edək ki, İsrail hökuməti ötən ilin sonlarında Dəməşqdə hakimiyyətin dəyişməsindən sonra dəfələrlə Suriyada yaşayan druzların müdafiəsini dəstəklədiyini ifadə edib və lazım gəldikdə onlara özünümüdafiə məqsədilə yardım göstərməyə hazır olduğunu bəyan edib.
Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.