Əsas səhifə » ABŞ Suriyadakı toqquşmaları dayandırmağa çalışır - Rubio

ABŞ Suriyadakı toqquşmaları dayandırmağa çalışır - Rubio

BAKI, AzerVoice

Vaşinqton Suriyanın cənubunda baş verən toqquşmaları dayandırılmasına çalışır.

AzerVoice xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio İsrailin Suriyada həyata keçirdiyi hava hücumlarını şərh edərkən deyib.

“Biz bu vəziyyətdən çox narahatıq və bunun sona çatmasını istəyirik. Gecə atəşkəs mövcud idi, lakin o pozuldu” – deyə, Rubio bildirib.

“Biz hər iki tərəflə əlaqə saxlayırıq. Ümid edirik ki, bu toqquşmaları dayandıra biləcəyik” – deyə, dövlət katibi əlavə edib.

Xatırladaq ki, İsrail ordusu Dəməşqdə Suriya Baş Qərargah binasına zərbə endirdiyini açıqlamışdı. Bundan əvvəl isə İsrailin müdafiə naziri İsrael Kats xəbərdarlıq etmişdi ki, əgər Suriya hakimiyyəti cənubdakı Əs-Süveyda şəhərindən qoşunlarını geri çəkməsə, İsrail bu ölkəyə qarşı hücumlarını davam etdirəcək.

Qeyd edək ki, İsrail hökuməti ötən ilin sonlarında Dəməşqdə hakimiyyətin dəyişməsindən sonra dəfələrlə Suriyada yaşayan druzların müdafiəsini dəstəklədiyini ifadə edib və lazım gəldikdə onlara özünümüdafiə məqsədilə yardım göstərməyə hazır olduğunu bəyan edib.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Digər Kateqoriyalar

2025 © Azervoice